Astara rayon Gənclər və İdman idarəsi
Astara rayon Gənclər və İdman idarəsi 22 noyabr 1994-cü ildə təsis edilmiş, rəhbəri Əliyev Ərçə Fərrux oğludur. Ərçə Əliyev “Dövlət Qulluğunda fərqləndiyinə görə” və “Tərəqqi” medalına layiq görülmüş fəxri “Bədən tərbiyə və idman işçisi”dir.
Rayon idmançılarının 2017-cı il ərzində qazandığı 154 medaldan 48-i beynəlxalq yarışların, 12-si komanda yarışlarının payına düşür.
Uşaq-Gənclər İdman-Şahmat Məktəbi
Astara Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 avqust 2017-ci il tarixli əmri ilə Uşaq Gənclər İdman Məktəbi və Uşaq Gənclər Şahmat Məktəblərinin bazasında rayon təhsil şöbəsinin tabeçiliyində yaradılmışdır. Uşaq Gənclər İdman Məktəbi 1967-ci, Uşaq Gənclər Şahmat Məktəbi 1985-ci ildən fəaliyyət göstərir.
Məktəbin direktoru “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Beynəlxalq dərəcəli hakim İbrahimov Azər Bilal oğludur.
Məktəbdə idmanın boks, sərbəst güləş, futbol və şahmat bölmələri üzrə 34 qrupda idmançılarla 28 məşqçi-müəllim məşğul olur.
Astara Olimpiya İdman Kompleksi
Astara Olimpiya İdman Kompleksinin 13 mart 2012-ci ildə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Olimpiya İdman Kompleksinin direktoru Səlimov Famil İzzət oğludur. Kompleksdə örtülü üzgüçülük hovuzu, 2 trenajor zalı, böyük idman zalı, 4 kiçik idman zalı, açıq mini futbol meydançası, açıq voleybol meydançası, açıq basketbol meydançası, stolüstü tennis və bilyard zalları fəaliyyət göstərir. Kompleksdə Sərbəst güləş, Taekvando, Boks üzrə təlim məşqləri və müxtəlif idman növləri üzrə rayon, respublika və beynəlxalq miqyaslı yarışlar keçirilir.
Astara Boks Mərkəzi
Astara Boks Mərkəzi 04 sentyabr 2013-cü il tarixdə istifadəyə verilib. Boks Mərkəzinin açılışında ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev iştirak etmişdir. Boks Mərkəzinin direktoru Boks üzrə idman ustalığına namizəd, beynəlxalq dərəcəli hakim, məşqçi müəllim Salmanov Tofiq Cəbrayıl oğludur. Mərkəzdə idman zalı, tədris otağı, mini futbol stadionu mövcuddur. Boks Mərkəzi 60 nəfər idmançı, 4 nəfər məşqçi müəllim çalışır.
Fəxri idmançılarımız
Sərbəst güləş üzrə: Ağayev Aslan Loğman oğlu dəfələrlə SSRİ Çempionatının, Beynəlxalq turnirlərin, hərbiçilər arasında Dünya Çempionatının, ikiqat Avropa Çempionatının qalibi, Dünya birinciliyinin gümüş mükafatçısı, “Zenit” idman klubunun baş məşqçisi və qadınlardan ibarət yığma komandanın məşqçisidir. Beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın Əməkdar Məşqçisidir.
Cəbrayıl Həsənov (66 kq) Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran-pri» yarışlarının beşqat qalibi, ikiqat Avropa Çempionu, Gənclərin Dünya birinciliyinin qalibi, Dünya Çempionatının ikiqat bürünc medalçısı, Dünya Kuboku yarışının gümüş mükafatçısı, 2012-ci il London Yay Olimpiadasının iştirakçısı, XXVII Ümumdünya Yay Universiadasının gümüş, “Qızıl Qran-pri” beynəlxalq turnirinin qızıl, I Avropa Oyunlarının bürünc mükafatçısı, Avropa Çempionatının gümüş, AvropaTəsnifat Turnirinin qızıl, 2016-cı il Rio-do-Janeyro Yay Olimpiadasının bürünc, 2017-ci il Dünya Kuboku yarışının bürünc medalçısı və Beynəlxalq dərəcəli idman ustasıdır.
Sona Əhmədli (59 kq) Avropa çempionu və “Qızıl Qran-pri” yarışının qalibi olmuş, Dünya Çempionatının bürünc mükafatçısı, Beynəlxalq dərəcəli idman ustasıdır.
Rzazadə Əliabbas (56kq) gənclər arasında Avropa və Dünya birinciliyində bürünc medallar qazanmışdır.
Həmidov Nadir Siyasət oğlu SSRİ və Azərbaycan Çempionatlarının qalibi, Dünya Çempionatının gümüş mükafatçısı, idman ustasıdır.
Əliyev Məhərrəm (63 kq) Azərbaycan çempionatı və M.İsayevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirdə III yeri qazanmışdır.
Əsədullayev Zakir (66 kq) Yeniyetmələrin XI Respublika Oyunları proqramına daxil olan 2002-2004-cü il təvəllüdlü idmançılar arasında Respublika birinciliyinin 2017-ci ildə keçirilən final mərhələsində I yeri qazanmışdır.
Dadaşzadə Dadaş, Həmidov Elçin Tofiq oğlu, Ağayev Məhərrəm Loğman oğlu, Hüseynov Nizami Fazil oğlu, Baxşıyev Bəhrəm Hacı oğlu, Nəsirov Arif Nəsrulla oğlu, Mirzəyev Mübariz Boli oğlu, Səmədov İbrahim Bayram oğlu , Şahverdiyev Yədulla Mirzə oğlu, Ağayev Loğman Aslan oğlu, Paşazadə Abbas Hafis oğlu, Rzazadə Abbas dəfələrlə Azərbaycan birinciliynin, Respublika Çempionatının, Beynəlxalq turnirlərin qalibi və idman ustalarıdırlar.
Boks üzrə: Babayev Ramiz Qılman oğlu beynəlxalq yarışların və Respublika Çempionatların qalib, idman ustası.
Babayev Şəhriyar Qılman oğlu gənclər və yeniyetmələr arasında dəfələrlə Respublika birinciliyinin və Respublika Çempionatlarının qalibi, idman ustası.
Əsədullayev Fərid Vaqif oğlu dəfələrlə Azərbaycan birinciliyinin qalibi, Avropa birinciliyinin bürünc mükafatçısı, idman ustası.
Məmmədov Nurlan Hökmürəvan oğlu dəfələrlə Respublika birinciliyinin, 3 Beynəlxalq turnirin qalibi, Avropa birinciliyinin gümüş, Dünya birinciliyinin bürünc mükafatçısı, idman ustası.
Əliyev Pərviz Akif oğlu, Axundov Ravid Səmədağa oğlu, Həsənov Cəmil Əlişah oğlu, Məmmədov Elçin Zahid oğlu və Eyniyev Ağasif Vaqif oğlu, Eyniyev Əli, Tağıyev Fizuli respublika birinciliklərinin qalibləridir (2010-2013-cü illər).
Qənbərov Elvin (81 kq) Azərbaycan çempionatında I, Azərbaycan birinciliyində III və Kvaçadzeni şərəfinə XVIII beynəlxalq turnirində I yerə layiq görülmüşlər.
Qalib Cəfərovun şərəfinə beynəlxalq turnirdə Eyniyev Ağasif (48 kq), Tağıyev Fizuli (50 kq) və Məmmədov Elmar (62 kq) I yerə layiq görülmüşlər.
“Türkiyə-Azərbaycan dostluğu günü”nə həsr olunmuş beynəlxalq turnirdə Sadıxov Hüseyn (43 kq), Həsənov İmaməli (44 kq), Məmmədov İmaməli (46 kq) I yeri qazanaraq qızıl medallara layiq görülmüşlər.
Azərbaycan birinciliyində Eyniyev Əli (48 kq) I yeri, Hacıağazadə Təbriz (81 kq) bürünc medal qazanmışlar.
Eyniyev Ağasif (60kq) Azərbaycan birinciliklərində bürünc, qızıl və Beynəlxalq turnirdə qızıl medallar qazanmışdır.
Futbol üzrə: Rayonumuzun komandası 1999-2000-ci il təvəllüdlü futbolçular arasında Azərbaycan birinciliyi yarışlarında I yerə layiq görülərək Respublika Kubokuna sahib olmuşdur.
Mini futbol üzrə veteranlar arasında Respublika Çempionatında 2012 və 2014-cü illərdə qızıl medal qazanaraq Respublika Çempionu olmuşdur. 2014-2015-ci illərdə Batumidə keçirilən Gennadi Menabdenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə rayonumuzun komandası Azərbaycanı təmsil edərək II yerlərə layiq görülmüşdür.
Mini futbol üzrə komandamız 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında “Sevinc” kuboku uğrunda Azərbaycan birinciliyində 2012-ci ildə gümüş, 2014 və 2015-ci illərdə qızıl medal qazanaraq Respublika Kubokuna sahib olmuşlar. 2004-2005-ci il təvəllüdlü futbolçularımız 2017-ci ildə keçirilən Respublika birinciliyində “Sevinc” kubokuna sahib olmuşlar.
Komandalarımız 2017-ci ildə “İslam Həmrəyliyi ili”nə həsr olunmuş Futbol üzrə Respublika zona birinciliyində IX-X sinif şagirdləri arasında I yerə, 2003-2004-cü il təvəllüdlü oğlanlar arasında Respublika birinciliyində III yerə layiq görülmüşdür.
2017-ci ildə İİR-nın Gilan Əyalətində keçirilən I Beynəlxalq Yay İdman Oyunlarında Çimərlik futbolu üzrə komandamız I yerə layiq görülmüşdür.
Şahmat üzrə: 2012-ci ildə “Təhsil Respublika İdman Mərkəzi”nin 8-16 yaşlı oğlan və qızlar arasında keçirdiyi Respublika birinciliyində Həsənli Fidan I yerə, Abbaszadə Rəhim III yerə və Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş VIII Respublika turnirində Heydərov Almaz I yerə layiq görülmüşlər.
13-22 iyul 2017-ci il tarixlərdə Astara Olimpiya İdman Kompleksində Şahmat üzrə 16 yaşa qədər yeniyetmələrin Respublika Olimpiadası keçirilmişdir. Yarışda ölkəmizin 43 şəhər və rayon komandasının 445 nəfər uşaq və yeniyetmə oğlan və qız şahmatçı mübarizə aparmışdır. Tədbirin açılış və yekun mərasimlərində Astara RİH-nin başçısı Qəzənfər Ağayev, Azərbaycan Şahmat Federasiyasının vitse prezidenti Faiq Həsənov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Salman Əbdülov iştirak etmişlər.
Atletika üzrə: Qafarov Fikrət Əliağa oğlu 16 qat Azərbaycan çempionu, kross üzrə Azərbaycan rekordçusu, 3 dəfə dünya, 2 dəfə Avropa çempionatının və müxtəlif beynəlxalq turnirlərin iştirakçısı və mükafatçısı olmuşdur. Beynəlxalq I dərəcəli məşqçi, Beynəlxalq və Respublika dərəcəli hakim, idman ustasıdır. Atletika üzrə (12 km məsafəyə kross) Beynəlxalq turnirdə (Batumi-2004) bürünc medal qazanmış, 32-ci Dünya çempionatında (Brüssel-2004) və Müsəlman ölkələrinin I Olimpiadasında (Məkkə-2005) yüksək nəticələri ilə yadda qalmışdır. Fikrət Qafarov 2010-2015-ci illərdə Atletika Federasiyasının Astara rayon nümayəndəliyinə rəhbərlik etmiş, hazırda Azərbaycan Atletika Federasiyasında çalışır, Respublika və Beynəlxalq miqyaslı yarışlarda hakimlik edir.
Əliyev Rəşad Əjdər oğlu Atletika üzrə veteranlar arasında 3 qat Azərbaycan çempionu və beynəlxalq turnirin mükafatçısıdır. Rəşad Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” Beynəlxalq turnirdə 21 km kross qaçışında 3500 idmançı arasında 11-ci, “II Bakı Marafonu 2017” Beynəlxalq turnirdə 42 km məsafəyə marafon qaçışında 1-ci, 17 km məsafəyə marafon qaçışında (Gəncə-2017) 11 min iştirakçı arasında 15-ci yeri tutmuş, təşkilatçılar tərfindən yüksək mükafata layiq görülmüşdür. 2016-ci ildən Atletika Federasiyasının Astara rayon nümayəndəliyinə rəhbərlik edir.
Əhmədova Şəbnəm 2 qat Azərbaycan çempionu və beynəlxalq turnirin qalibidir. Şahverdiyev Əli və Qeybiyev Arif 2 qat Azərbaycan çempionudurlar və yığma komandanın tərkibinə daxil edilmişlər. Cabbarov Orxan (3000m) Atletika üzrə Azərbaycan Çempionatında (Bakı-2016) qızıl medal qazanmışdır.
Budo döyüş növləri üzrə: Budo Döyüş Növləri və Free fiqhtinq Federasiyalarının Astara rayon filialları 2011-ci ildən fəaliyyətə başlamış, rəhbəri V dan qara kəmər ustası Rəhmanov Ramiq Nəriman oğludur. Budo döyüş növləri üzrə Avrasiya kubokunda (Ərdəbil-2010) Cəfərli Emin (50 kq) və Məlikov Rəşad (45 kq) gümüş, Gürcüstan Respublikasının açıq birinciliyində (Batumi-2011) Kişiyev Ramin (55 kq) gümüş, Azərbaycan çempionatında (Bakı-2012) Eynullazadə Orxan (40 kq) qızıl medala layiq görülmüşlər. Rəhmanov Ramiq (70kq) Dünya Çempionatında və Dünya Döyüş Növləri üzrə Oyunlarda (Norviç-2015) qızıl və gümüş medallar qazanmışdır. Budo Döyüş Növləri üzrə Dünya Kuboku yarışında (Biləsuvar-2017) 9 nəfər I yerə, 4 nəfər II yerə, (MMA) açıq Dünya Çempionatında (Tbilisi-2017) Baxşiyev Zamin (60 kq) I yerə layiq görülmüşlər. Uşaq və yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində (İmişli-2017) 6 nəfər I yerə, 2 nəfər II yerə layiq görülmüşdür.
Free fiqhtinq üzrə: Asiya çempionatında (İstanbul-2011) Rəhmanov Ramiq (85 kq) gümüş, Milli Qəhrəman C.Rəhimovun xatirəsinə həsr olunmuş Respublika turnirində (Bakı-2013) Kişiyev Ramin (65 kq) qızıl medal qazanmışdır. 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika turnirində (Bakı-2014) Kişiyev Ramin (65 kq) I yerə, Həsənov Rafael (60 kq) I yerə, Kərimov Məmmədqulu (40 kq) II yerə, Əlizadə Əli (45 kq) II yerə layiq görülmüşlər.