Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astaranın daha bir kəndinə təbii qaz verildi

27 dekabr 2018 | 16:00

Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Rinə kəndi rayonumuzun dağ kəndlərindən biridir. Burada sakinlər uzun illər idi ki, təbii qaz xətti olmadığına görə ciddi çətinliklərlə üzləşirdi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  kənddə səyyar qəbul keçirərkən sakinlərin əsas təkliflərindən biri də kəndə qaz xəttinin çəkilməsi barədə olurdu. Bu günlərdə Rinə kəndinə təbii qaz xəttinin çəkilişi həllini tapmışdır. Dekabrın 27-də Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və yeni il bayramı ərəfəsində kəndin 122  təsərrüfatına mavi qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur.    

Rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov son illərdə nümayəndəlik ərazisində aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat vermiş, uzun illərdən bəri həsrətində olduqları arzuya qovuşmaları münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.

Tədbirdə Rinə kənd sakinləri Osman Dədəyev, Hətəməli Şəfəqqətov, Xəyalə Əsədova, Lənkəran Regional Qaz İstismar  İdarəsinin rəisi Hüseyn Şirinov və  başqaları çıxış etmişlər. Sakinlər onlara göstərilən hədsiz qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. 

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini təbrik edərək əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strateqiyasının Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab  İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizdə bütün sahələrdə aparılan misilsiz inkişafı diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Astara rayonunun, eləcə də Siayku inzibati ərazi dairəsi üzrə nümayəndəliyin timsalında bu inkişafı daha aydın hiss etmək olur.

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına son illər təkcə bu nümayəndəlikdə Siyaku, Vaqo, Rinə, Şağalazüzə, Miki kənd tam orta, Marzəsəy kənd ümumi orta məktəbləri üçün yeni binalar tikilmiş, Pensər-Rinə, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi kənd yolları asfaltlaşdırılmış, burada olan kəndlərin əksəriyyəti qazlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış və digər sosial layihələr icra edilməklə, bu istiqamətdə işlər davam etdirilir. Rayonun digər qəsəbə və kəndlərində də çoxsaylı işlər görülmüşdür. Rayon mərkəzində əhalinin istifadəsinə verilmiş möhtəşəm dənizkənarı park-bulvar təkcə yerli sakinlərin deyil, respublikamızın ayrı-ayrı rayon və şəhərlərindən, xarici ölkələrdən gələn qonaqların böyük marağına səbəb olmuşdur. Bu gün ucqar ərazidə yerləşən Rinə kəndinə təbii qaz verilir. Həm bu münasibətlə həm də  qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramları münasibəti ilə sizi təbrik edir, hər birinizə xoşbəxtlik, can sağlığı, dövlətimizə əmin-amanlıq və sülh arzulayıram. 

Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rinə kəndinə təbii qazın verilməsini bildirən məşəli alovlandırmışdır.
Rinə kənd sakini Azər Baxşıyevin evində təbii qazın yandırılması mərasimində iştirak edən ailə üzvləri  kənd sakinlərinə  göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər